IQNA

ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları artmaqdadır

7:34 - April 27, 2024
Xəbər sayı: 3495841
İQNA - ABŞ-ın Nyu-York şəhərindəki Kolumbiya Universitetində başlayan Fələstin tərəfdarı etirazlar ölkənin bir çox nüfuzlu universitetlərinə də sirayət edib.

ABŞ-ın Nyu York şəhərindəki Kolumbiya Universitetində bir həftə əvvəl başlayan və universitet rəhbərliyi ilə tələbələri bir-birinə qarşı qoyan Fələstin tərəfdarı etirazlar ölkənin bir çox nüfuzlu universitetlərinə də sirayət edib.

İsrailin Qəzzada həyata keçirdiyi soyqırıma reaksiya verən tələbə və müəllim heyətinə polis sərt müdaxilə edərkən, Nyu-York Universitetində 120, Kolumbiya Universitetində 100, Emerson Kollecində 100, Cənubi Kaliforniya Universitetində 90 nəfər, Yale Universitetində 60 nəfər, o cümlədən Texas Universitetində 50, İndiana Universitetində 33, Minnesota Universitetində 9, Ohayo Dövlət Universitetində 5 və Kaliforniya Dövlət Politexnik Universitetində ən azı 570 tələbənin saxlanıldığı bildirilir.

Məzuniyyət mərasimi ləğv edildi

Digər tərəfdən Cənubi Kaliforniya Universiteti mayın 10-da keçirilməsi planlaşdırılan məzuniyyət mərasiminin də hadisələr səbəbiylə ləğv edildiyini açıqlayıb.

Mərasim iştirakçılarının təhlükəsizlik baxışının vaxt tələb etdiyi bildirilən açıqlamada, “Ənənəvi olaraq 65 min tələbə, onların ailələri və dostlarını kampusumuza gətirən mərasim ləğv edilib” ifadəsi işlədilib.

Netanyahu sülh tərəfdarlarını günahlandırıb

ABŞ-ın Nyu-York şəhərindəki Kolumbiya Universitetində bir həftə əvvəl başlayan Fələstin tərəfdarları etirazları cəmiyyətin bir çox təbəqəsindən dəstək alıb və nümayişlər ölkənin müxtəlif universitetlərinə yayılıb. Polis nümayişlərə sərt şəkildə müdaxilə edib.

Sionist rejimin baş naziri Benyamin Netanyahu etirazlarla bağlı verdiyi açıqlamada antisemitizm dalğasının artmaqda olduğunu iddia edib və universitetin hərəkətlərini “dəhşətli” adlandırıb. Sülh tərəfdarlarının “antisemitik kütlə” olduğunu iddia edən Netanyahu, baş verənlərin pislənilməli olduğunu müdafiə etdi.

Mənbə: İHA

captcha