İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İndoneziyanın Dini İşlər Nazirliyi bu ölkədə Qurani-Kərimin indiyədək 16 yerli dilə tərcümə və nəşr edildiyini xəbər verib.
Məlumatda deyilir ki, İndoneziyada yaşayan yerli xalqların dilinə tərcümə layihəsi davam edir və yaxın vaxtlarda digər bir neçə yerli dilə tərcümə edilmiş Quran da çap və nəşr ediləcək.
İran İslam Respublikası İndoneziyadakı Mədəniyyət Əlaqələri İdarəsinin məlumatına əsasən, İndoneziyanın Dini İşlər Naziri Loğman Həkim Seyfuddin bildirib ki, yerli dillərin çoxluğu və dillərin müxtəlifliyini nəzərə alsaq Qurani-Kərimin bütün tayfaların dilinə tərcüməsi elə də asan iş olmayacaqdır. Çünki hər sözün hər dildə fərqli mənası vardır.
O əlavə edib: Quranın tərcüməsi asan iş deyil. Qurani-Kərimi İndoneziyada yaşayan xalqların dilinə tərcümə edərkən hər bir dil üçün iki il zaman lazım olur. Habelə bu dillərə Qurani-Kərimin tərcümə edilməsi bir-birindən fərqli tərcümələr ortaya çıxarır. Bəzən bu tərcümələr doğru mənadan kənara çıxmış ola bilər. Buna görə də Quranın tərcüməsi Quran özü deyil. Mütləq haqq və həqiqət Quran və Allahın kəlamının özüdür.